“T-Network” Azərbaycan Resublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan təhsil işçilərinin təcrübə və kommunikasiya platformasıdır. Məzmunları bu günə qədər 4 milyon dəfə izlənən “T-Network” ideyası təhsildə yeni çağırışları yaymaq üzərində qurulub.
Əsas missiyamız təhsil işçiləri arasında səmərəli əməkdaşlığı və kommunikasiyasını təşkil etmək, təhsildə beynəlxalq yeni çağırışlara əsaslanan qabaqcıl təcrübələri yaymaq, təhsil işçilərinin peşəkarlığını yüksəltməkdir.
Məqsədə çatmaq üçün platforma müxtəlif formatlı virtual və canlı tədbirlər, görüşlər, yerli və beynəlxalq forumlar, konfranslar, çağdaş təhsil mövzularında müzakirələr və tədqiqatlar həyata keçirir, müxtəlif proqramlar hazırlayır.
Bu yaxında keçirilən və 3500 nəfər təhsil işçisinin qatıldığı sorğuda “T-Network fəaliyyətlərini 10 şkalalıq üzərindən neçə bal ilə qiymətləndirirsiniz” sualına iştirakçıların 80 faizi “10” bal cavabını verib.
Elm və təhsil naziri cənab Emin Əmrullayevin təşəbbüsü ilə “T-Network”ün nəzdində “Direktorlar klubu” yaradılıb. 1000-ə yaxın məktəb direktorunun təmsil olunduğu klubda onların təcrübə mübadiləsinə çalışılır.
“Bələdçi”, “Yeni çağırışlar”, “Kitabla danış”, “Məktəbdə sən”, “Könüllü müsahib”, “Məsləhətli saat”, “Sözə bax” proqramlarımız, o cümlədən Təhsildə Yeni Çağırışlar Forumu, “Beelikli” təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.
“T-Network” dünyanın təhsil nəhənglərindən Andreas Şleyxer, Sal Xan, Məhəmməd Yunus, Mey Mask, Filip Kotler, Pasi Sahlberg, Azra Kohen, Tony Vaqner, Maykl Fullan, Anant Aqarval, Con Hətti, Fernando Reimers, Dilan Villiam, Tal Ben Shahar olmaq üzrə dünya şöhrətli mütəxəssislərin azərbaycanlı təhsil işçiləri ilə görüşünü təşkil edərək onların zəngin təcrübəsini çatdırıb.
“T-Network” tərəfindən PISA rəhbəri Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabı təqdim edilib.
Platforma Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər dövlət qurumları olmaq üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Türkiyə Təhsil Dərnəyi, Yunus Centre, “edX” öyrənmə platforması, “hunrEd” qlobal təhsil təşkilatı, və s. ilə sıx əməkdaşlıq edir.